Gilan Qida

«Azeri Business Award 2012»

Bu günlərdə Bakıda Four Seasons otelində 2012-ci ilin nəticələrinə görə biznes sahəsində “Azeri Business Award-2012” Milli mükafatının təqdimetmə mərasimi keçirilmişdir. «JALƏ» brendi “Beynəlxalq nüfuz” nominasiyasında Azeri Business Award 2012» Milli mükafatına layiq görülmüşdür.

«JALƏ» brendinin PR-meneceri Tamilla Abdullayeva, təqdimetmə mərasimində çıxış edərək, qeyd etmişdir ki, 2012-ci il “Qəbələ Konserv Zavodu” şirkətinin və «JALƏ» brendinin inkişaf tarixində mühüm mərhələ olmuşdur. Biz yerli bazarda öz mövqelərimizi daha da möhkəmləndirdiyimiz kimi, xarici bazarlara çıxış üçün də fəal şəkildə fəaliyyət göstərməyə davam etmişik. Artıq bir neçə ildir ki, biz məhsullarımızın dünyanın 30-dan çox ölkəsinə: Rusiyaya, Ukraynaya, Qazaxıstana, Türkmənistana, Gürcüstana, Moldovaya, Böyük Britaniyaya, Polşaya, Fransaya, İtaliyaya, Almaniyaya, Avstriyaya, Litvaya, Latviyaya, Estoniyaya, Hollandiyaya, Çexiyaya, Lüksemburqa, İsveçə, Yunanıstana, ABŞ-na, Kanadaya, Türkiyəyə, İrana, Qətərə, BƏƏ-nə, Küveytə, Filippin adalarına fasiləsiz təchizatını təmin etmişik.

2012-ci ildə bizim məhsullarımızı idxal edən ölkələrin sırasına Avstraliya, Yeni Zelandiya, Çin, Yaponiya və Malayziya da qoşulmuşdur. Biz hazır məhsullardan başqa adı çəkilən ölkələrdən bir çoxuna şirələrin istehsalı üçün alma və nar konsentratlarının da tədarükünü həyata keçiririk. Qeyd etmək istərdim ki, 2012-ci il bizim üçün həm də beynəlxalq sərgi və müsabiqələrdə müxtəlif mükafatların alınması ilə əlamətdar olmuşdur. Belə ki, biz 2012-ci ilin avqust ayında Minsk şəhərində MDB ölkələri arasında keçirilən müsabiqədə “Məhsulun keyfiyyəti” medalına layiq görülmüşük.

Keçən ilin fevral ayında Moskva şəhərində keçirilən PROD EXPO 2012 beynəlxalq sərgisində Qəbələ Konserv Zavodu “JALƏ” nar şirələrinə, eləcə də “Bağdan” kompot və mürəbbələrinə görə qızıl medala layiq görülmüşdür. 2012-ci ildə Ukraynanın Kiyev şəhərində oktyabr ayında keçirilən “World Food Ukraine” sərgisində bizim məhsulumuz “2012-ci ilin ən yaxşı qida məhsulu” nominasiyasında iki qızıl medalla təltif edilmişdir. Bizim məhsullarımız Çin Xalq Respublikasının Şanxay şəhərində hər il keçirilən qida məhsullarının “SİAL China 2012” adlı beynəlxalq sərgisində də çox böyük müvəffəqiyyətlə təmsil olunmuşdur. Bu gün il ərzində görülən işlərimizin “Beynəlxalq tanınma” nominasiyasında “Azeri Business Award 2012” Milli mükafatına layiq görülməklə qiymətləndirilməsi bizə xüsusilə xoşdur.

“Azeri Business Award 2012” Milli mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar nəşri - “Business Time” jurnalıdır. Biznes sahəsində təqdim edilən “Azeri Business Award” Milli mükafatı ictimai institut olaraq, ən yaxşı şirkətləri nümunə olaraq göstərir, milli biznesin yeni imicini yaradır, eləcə də ölkədə işgüzar etikanın yeni standartlarını irəliyə sürür.

Bu mükafatla milli biznesin yeni simasını formalaşdıran və Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçıları təltif edilirlər. Qaliblərin müəyyənləşdirilməsində ən başlıca amil nominantın biznesinin inkişaf templəridir. Şirkətlər və sahibkarlar, “Azeri Business Award” Milli mükafatına layiq görülərək, öz nüfuzlarının formalaşdırılması üçün daha bir vasitə əldə etmiş olurlar.

Azeri Business Award-2012 Milli mükafatın təqdimetmə mərasimində müxtəlif sahələrdə fəaliyyət göstərən 300-dən çox aparıcı iş adamları, menecer və mütəxəssislər qonaq qismində iştirak etmişdir. Təqdimetmə mərasimindən əvvəl “Four Seasons Baku” otelinin foyesində qalib şirkətlərin sərgisi baş tutmuşdur. Qonaqlar şirkətlərin məhsulları və əsas nailiyyətləri ilə xüsusi olaraq bunun üçün ayrılmış parlaq və maraqlı stendlərdə tanış olmaq imkanı əldə etmişlər. «JALƏ» brendinin stendi, qonaqlara ən yaxşı meyvələrdən hazırlanmış təbii şirələrin gözəl dadından həzz almağa imkan yaradaraq, bu axşam iştirakçılar arasında ən böyük populyarlıq qazanmışdır.

3405